28 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə beynəlxalq sertifikatları təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən İTMİM rəhbəri Aqşin Məcidov müəssisədə qurulan ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi) və ISO 10006:2017 (Layihələrdə Keyfiyyəti İdarəetmə Sistemi) standartları barədə məlumat verdi, həyata keçirilən islahatları qonaqların diqqətinə çatdırdı. Daha sonra çıxış edən pmo.az MMC-nin Rəşad İbrahimov İTMİM-də həyata keçirilən məsləhət xidməti və bu xidmət çərçivəsində görülmüş işlər barədə fikirlərini bölüşdü. Tədbirdə çıxış edən QSCert sertifikatlaşma qurumunun Azərbaycan Respublikasındakı rəsmi təmsilçisi olan Certifica MMC-nin rəhbəri Teymur Muradov İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində həyata keçirilən sertifikatlaşma işləri barədə qonaqlara məlumat verdi. T. Muradov İTMİM-də beynəlxalq standartlar əsasında qurulan idarəetmə sistemi barədə də öz fikirlərini bölüşdü. Sonda müəssisəyə beynəlxalq sertifikatlar təqdim edildi.